FESTİVAL



FESTİVAL HAQQINDA

FESTİVAL HAQQINDAAzərbaycan xalqı olduqca zəngin və çoxşaxəli mədəniyyətə malik bir xalqdır. Tarixdən də bəlli olduğu kimi, ölkəmizin ərazisində yaşı min illərlə ölçülən möhtəşəm şəhərsalma ənənələri olub. Azərbaycanın müxtəlif bölgələrində arxeoloji qazıntılar zamanı aşkarlanan antik və orta əsr qalıqları, mövcud qədim şəhərlər və onların unikal infrastrukturu dünya şəhərsalma inciləri sırasına daxil olmağa layiq nümunələrdir.

Xalqımızın zəngin şəhərsalma ənənələri ilə yanaşı, onun yüz illərlə, min illərlə formalaşan həyat tərzi və unikal mədəniyyət nümunələri sırasına yaylaq mədəniyyəti və elat ənənələrini də cəsarətlə aid etmək olar.

Tarixən, əvvəllər əsasən əhalimizin heyvandarlıqla məşğul olan hissəsinə xas olan bu maraqlı mövsümi köçərilik ənənəsi Azərbaycanın əksər bölgələrində, eləcə də müasir İrandaın şimalında(Cənubi Azərbaycan ərazisində) geniş yayılmışdır.

Yay aylarında ölkəmizin düzənlik, aran bölgələrində havaların olduqca isti keçməsini və otlaq sahələrinin, yem mənbələrinin kasadlaşdığını nəzərə alaraq, ənənəvi heyvandarlıqla məşğul olan əhali daimi yaşayış yerlərini(qışlaqları), kəndləri müvəqqəti tərk edərək, sərin dağ bölgələrinə, geniş və bol otlaq sahələrinə köç edərdilər.

FESTİVAL HAQQINDABu mövsümi köçərilik adətən hava şəraitindən asılı olaraq, may ayından başlayaraq sentyabr-oktyabr aylarına qədər, yəni təqribən 5-6 aya qədər davam edə bilərdi. Bu ənənələrə uyğun olaraq, ölkəmizin hər bir bölgəsinin özünün ənənəvi yaylaq əraziləri formalaşmışdır.

Aran və Aşağı Qarabağ əhalisi ənənəvi olaraq Dağlıq Qarabağın səfalı yaylaqlarına köç edərdi. Mərkəzi, şimal-qərb və şimal-şərq bölgələrimizin əhalisi müvafiq olaraq daha yaxın olan Böyük Qafqazın cənub yamaclarna, cənub-qərb bölgəsi isə Talış dağlarına üz tutardı. Qazax-Şəmşədil əhalisi Kiçik Qafqazın şimal yamaclarına və Göyçə ətrafına yerləşərdi.

Qədim Gəncənin və Gəncəbasar əhalisinin ənənəvi yaylaq məskənləri isə indiki Göygöl, Gədəbəy və Daşkəsən rayonlarının yaylaqları olubdur.

Sovet dönəmində belə, milli ənənələrinin və xalqımızın yüzilliklərlə formalaşan həyat tərzinin kollektivləşmə nəticəsində basqı altında olduğu bir vaxtda, əhalimizin bir qismi yay aylarında ənənəvi olaraq yenə yaylaqlara üz tutardı.

İnsanlar dağ yaylaqlarının geniş və bərəkətli subalp çəmənliklərində yurdlar, dəyələr qurub ailəlikcə yaşayıb, dincələrdi.

Əminliklə söyləmək olar ki, son yüz illiklərdə bu artıq əksər vaxt birbaşa heyvandarlıqla məşğul olmayan əhalinin də həyat tərzinə çevrilmişdir.

Yəni, bilavasitə heyvandarlıqla, kənd təsərrufatı ilə məşğul olmayan rayon və şəhər əhalisinin də yetərincə böyük bir hissəsi yay aylarında elliklə yaylaqlara köç edərdi.

Sənətkarlar, tacirlər, musiqiçilər və, demək olar ki, əksər peşə nümayəndələri yaylağı özlərinə yurd seçərdi və yay ayları ərzində yaylaqlar bölgə əhalisinin mədəni və iqtisadi mərkəzinə çevrilərdi.